Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.31.2025 | 15:16 | Baxılıb: 824
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə işgüzar səfərdə olan Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“gece.ws” xəbər verir ki, G.Gəraybəyli qonaqları salamlayaraq Azərbaycan və Ukrayna arasında dövlət səviyyəsində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Rektor görüş iştirakçılarını ATU-nun fəaliyyəti, beynəlxalq standartlara uyğun tədris sistemi, həyata keçirilən islahatlar, müasir elmi-tədqiqat istiqamətləri və universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlərlə tanış edib. Gəray Gəraybəyli həmçinin ATU ilə Ukraynanın Bogomolets adına Milli Tibb Universiteti, Xarkov Milli Tibb Universiteti və digər nüfuzlu elmi-tədris müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumları barədə məlumat verib.

O, görüş zamanı Azərbaycanın hərbi həkimlərinin Vətən müharibəsi dövründə göstərdiyi fədakarlıq və peşəkarlıqdan söz açaraq Ukrayna xalqına tezliklə sülh və rifaha qovuşmağı arzulayıb.

Öz növbəsində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko səmimi qəbula görə təşəkkürünü bildirərək səfərin əhəmiyyətindən bəhs edib. Nazir Azərbaycan Tibb Universiteti əməkdaşlarının fəaliyyətini və tibb elminin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib.

V.Lyaşko vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında dostluq münasibətləri qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. O, səhiyyə, tibb təhsili və elmi-tədqiqat istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını, bu istiqamətdə birgə təşəbbüslərin dəstəklənəcəyini qeyd edib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov Ukrayna səhiyyə nazirliyi ilə birgə icra edilən uğurlu layihələr haqqında məlumat verib.

Görüş qarşılıqlı maraq doğuran birgə layihələrin həyata keçirilməsi, yeni əməkdaşlıq imkanlarının və gələcək tərəfdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.