
“gece.ws” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, dilçilər, ziyalılar, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, Uşaq Səfirlər Məclisinin Beyləqan rayon nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan RİH başçısı Əziz Əzizov Azərbaycan dilinin xalqımızın milli-mənəvi dəyərlərinin əsas sütunlarından biri olduğunu bildirib. Rayon rəhbəri, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətdən, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizin saflığının qorunması, tətbiq dairəsinin genişləndirilməsi və inkişafı istiqamətində imzaladığı fərman, sərəncam və dövlət proqramlarının əhəmiyyətindən bəhs edib. Əziz Əzizov Azərbaycan dilinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.
Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar İmanov uzun illər bu sahədə qazandığı zəngin pedaqoji və elmi-pedaqoji təcrübəsinə əsaslanaraq Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, ədəbi dil normalarının formalaşmasından, dilimizin zənginliyindən və onun gələcək nəsillərə saf şəkildə çatdırılmasının vacibliyindən bəhs edib, mövzu ilə bağlı dəyərli fikir və tövsiyələrini iştirakçılarla bölüşüb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fatma Xıdırlı və digərləri Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, dövlət idarəçiliyində, mediada və ictimai həyatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin vacibliyini qeyd ediblər. Uşaq Səfirlər Məclisinin Beyləqan rayon nümayəndələri Fatimə Cavadova və İsmayılzadə Rihat isə çıxışlarında Azərbaycan dilinin milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olduğunu vurğulayaraq, ana dilimizin qorunması və inkişaf etdirilməsinin hər bir gəncin üzərinə düşən mənəvi məsuliyyət olduğunu bildiriblər.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, dövlət idarəçiliyində, mediada və ictimai həyatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin təşviqinin davam etdirilməsinin vacibliyi vurğulanıb.





