Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.15.2026 | 07:21 | Baxılıb: 1260
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffnin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti gözlənilməz şəkildə Havanaya səfər edib.

“gece.ws” xəbər verir ki, bu barədə Kuba dövlət mediası məlumat yayıb.

Bildirilib ki, ABŞ nümayəndələri Kuba Daxili İşlər Nazirliyinin rəsmiləri ilə görüş keçiriblər. Tərəflərin regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin, hüquq-mühafizə sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdiyi bildirilib.

Kuba hökuməti görüşü təsdiqləyərək açıqlamasında ölkənin terror və ekstremist təşkilatlara dəstək vermədiyini vurğulayıb.

“Hər dəfə olduğu kimi, bir daha sübut olundu ki, Kuba heç bir terrorçu və ya ekstremist qrupa sığınacaq vermir, onları maliyyələşdirmir və fəaliyyətlərinə icazə vermir”, - deyə rəsmi açıqlamada qeyd olunub.

“Reuters” agentliyinin məlumatına görə, Retkliff səfər zamanı ABŞ Prezidenti Donald Trampın mesajını Kuba rəhbərliyinə çatdırıb.

Mesajda bildirilir ki, Havana administrasiyası “fundamental dəyişikliklər” həyata keçirərsə, Vaşinqton iqtisadi və təhlükəsizlik məsələləri üzrə danışıqlara hazırdır.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl Kubanın ABŞ-dən yardım istədiyini və iki ölkə arasında danışıqların mümkün olduğunu açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.