
“gece.ws” xəbər verir ki, Nazirlər Kabinetinə zəruri tədbirlər görülməsini təmin etmək və təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Göründüyü kimi, prosesin 3 ay ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Yeni yaradılan agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək, həmçinin əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.
Mətbuatda İTSDA-nın səlahiyyətlərinin ƏƏSMN-ə həvalə edilməsindən sonra agentliyin bir sıra əməkdaşlarının vəzifələrini itirmələri ilə bağlı iddialar yayılıb. “Qaynarinfo” vəzifələrini itirənlər arasında agentliyinin rəhbərliyi, o cümlədən 10-dan çox yüksəkvəzifəli əməkdaşın adlarının olduğu siyahısını təqdim edib.
Hələ ki, həmin şəxslərin vəzifələrini itirmələri ilə bağlı rəsmi məlumat yoxdur. Lakin təcrübə göstərir ki, səlahiyyətləri həvalə edilən qurumun rəhbərliyi yeni təşkil olunan qurumda təmsil olunmurlar.
Yayılan iddialara aydınlıq gətirmək üçün İTSDA-ya ünvanladığımız sorğuya belə cavab aldıq: “Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti davam edir, birləşmə prosesi aparılır”.
Gülnar Əliyeva