
“gece.ws” xəbər verir ki, A.İsmayılov vətəndaşların onun barəsində çoxsaylı şikayətləri əsasında məsuliyyətə cəlb edilib.
Bildirilib ki, İsmayılovun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib. O, sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloqerlər və müğənnilərin reklam etməsi ilə vətəndaşların etibarını qazanıb.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, təsisçisi olduğu “iamzerv academy”nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.
A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl Azər İsmayılovun əməlləri ilə bağlı bir qrup vətəndaş “gece.ws”ya müraciət etmişdi.