
“gece.ws” xəbər verir ki, “Caliber.Az” diplomatik mənbələrə istinadən İlham Əliyevin sözügedən sammitdə iştirak etmək niyyətində olmadığını yazıb.
Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin hazırkı səviyyəsi Prezident İlham Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə imkan vermir: “Azərbaycan real fəaliyyət prinsiplərini rəhbər tutur. Saziş imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksəksəviyyəli səfər prosesin başa çatması barədə yanlış təəssürat yarada bilər. Hüquqi baza yaradılana və öhdəliklər yerinə yetirilməyə başlanana qədər bu cür addımlar üçün hələ tezdir.
Gələcəkdə yüksəksəviyyəli səfərlər perspektivi istisna edilmir. Əksinə, sülh sazişinin imzalanması və onun icrası başladıqdan sonra bu, prosesin məntiqi davam olacaq. İndi isə əvvəl razılaşdırılmış öhdəliklərin həyata keçirilməsi ilə bağlı praktiki addımlar lazımdır”.