
“gece.ws"in xəbərinə görə, 34 il itkin şəhid kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxtakörpü ərazisində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və digər şəxslər iştirak ediblər.
Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşi dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb və Laçın Şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb. C.Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində şəhidin nəşinin qalıqları müəyyənləşdirilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov da bu gün dəfn edilib.
“Report”un məlumatına görə, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, RİH rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Akif Qurbanov 1975-ci ilin oktyabrın 29-da Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. 1994-cü il 26 aprel tarixində Ağdam rayonu, Şotlanlı kəndi ərazisində itkin düşüb.
***
Birinci Qarabağ müharibəsinin itkin şəhidi İsmayılov Sərdar Cəfər oğlu Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında dəfn olunub.
Əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Sərdar İsmayılov 1971-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci ildə Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Sərdar İsmayılov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidi Nərimanov Mürşüd Nadir oğlunun nəşi İmişli rayonunda torpağa tapşırılıb.
Əvvəlcə şəhidin nəşi ilə vida mərasimi keçirilib, cənazə namazı qılınıb.
Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhid Mürşüd Nərimanov hərbi orkestrin müşayiəti və yaylım atəşi altında dəfn olunub.
Qeyd edək ki, Mürşüd Nərimanov 1963-cü ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb.
Mürşüd Nərimanov 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Ziya Əmirxanlı











