
“gece.ws” xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında bildirib.
“1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan siyasi-iqtisadi və digər sahələrdə mürəkkəb vəziyyətə düşüb. Ölkəmizə qarşı silahlı təcavüz dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaradıb. Belə bir şəraitdə Ümumilli Lider Heydər Əliyevin həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə imkan verib. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquq və azadlıqlarının müdafiəsi üçün təminat yaratdı. Bu mənada ölkəmizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur”, - spiker qeyd edib.
Konfransda çıxış edən Pakistan Senatının sədri Syed Yusuf Raza bildirib ki, mürəkkəb çağırışların olduğu dünyada Konstitusiya dövlət və xalq arasındakı körpü kimi təməl rolunu oynayır:
“Bu konsepsiya hər zaman millətlərin kollektiv şüuraltında fundamentdir. Azərbaycan haqqında bir məqamı diqqətə çatdırım. İlham Əliyevin nəzdində bu məsələlər, milli birlik, kimlik və sadiqlik ölkədə formalaşıb. Mən Azərbaycanı məhz Konstitusiyanın 30 illiyinə həsr olunan tədbirə görə təbrik edirəm. İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi öz dəyərlərinə sadiqliyinin nümunəsidir.
Bu gün suverenlik sınaqlarla üz-üzədir. Qlobal böhranlar bütün dünyada yayılmaqda və həmçinin yeni çağırışlar etməkdədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə addım ataq. Biz üç dövlətik – Azərbaycan, Pakistan və Türkiyə. Biz üç dövlət və bir millətik. Mən bir daha Azərbaycana ev sahibliyinə görə təşəkkürümü bildirirəm”.
***
Rumıniya Parlament Senatının sədri Mirça Abrudean qeyd edib ki, 3 onillikdə Konstitusiyanız həm tarixi, həm də hüquqi əhəmiyyətini qoruyub saxlayıb, ölkənin dinamik inkişafı yanaşı təkamül edib: “Sizin təməl qanununuz ərazi bütövlüyü, suverenlik, qanun qarşısında bərabərlik və insan hüquqlarına hörmət prinsiplərini təsdiqləyib. Prezident İlham Əliyevin 2025-ci ili Konstitusiya və Suverenlik İli elan etməsi bu sənədin əhəmiyyətini bir daha vurğulayır. Bu gün burada Konstitusiyanızın 30 illiyinə həsr edilən beynəlxalq konfransda iştirakım iki parlament arasında dostluğumuzun aydın göstəricidir.
Parlamentlər real nəticələrə fokuslandıqda effektli iş ortaya qoyurlar. Sizin “ASAN Xidmət” modeliniz var. Biz bu təcrübəni Rumıniyada tətbiq edə bilərik. Biz artıq proseslərə başlamışıq. Ölkələrimiz artıq bir sıra layihələrdə əməkdaşlıq edirlər. Sizin Konstitusiyanız canlı bir çəriçivədir. O, hüquqları qoruyur, hakimiyyətin bölgüsünü tənzimləyir və məsuliyyət tələb edir. Konstitusiya və Suverenlik İli bu baxımdan yeni bir fürsət yaradır. Gəlin bu fürsətdən istifadə edərək ortaq məqsədləri müəyyənləşdirək və konkret nailiyyətlər əldə edək”.
***
Türkiyə Böyük Millət Məclisinin Bürosunun üzvü Hasan Turan əlavə edib ki, 30 il əvvəl qəbul edilmiş bu Konstitusiya Azərbaycan xalqının əsrlərdir davam edən dövlətçilik ənənəsinin ən gözəl ifadəsidir: “Bu sənəd sadəcə hüquqi normativ deyil, həm də müasir sivilizasiyalar arasında özünə layiq olan, şərəfli yer tutan əzminin simvoludur. Bu gün can Azərbaycan İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi sayəsində regionda sülhün öncüsü halına gəlib. Ali Baş Komandan İlham Əliyevin qüdrətli iradəsi ilə azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı isə ədalətin və dirçəlişin rəmzinə çevrilib. 44 günlük Vətən müharibəsinin sonunda əldə edilən Qarabağ qələbəsi həm də türk dünyası üçün böyük qürur mənbəyidir. Qarabağın uzunmüddətli işğalında qarşı dik durmağı bacaran Azərbaycan haqlı mübarizəsini həm meydanda, həm də danışıqlar masasında qələbə ilə taclandıra bilib. Ermənistanla sülh prosesində əldə edilən müsbət irəliləyişləri alqışlayır, atılan addımlara görə Azərbaycanı bir daha təbrik edirik”.
***
Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım qeyd edib ki, bu gün Azərbaycan tarixində ən mühüm günlərdən biri olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi böyük şərəf və qürurla qeyd edilir: “Konstitusiya hər bir millətin varlığını, iradəsini və müstəqilliyini əbədiləşdirən ali sənəddir. Təkcə hüququ deyil, həm də milli ruhun, xalqın iradəsinin və dövlət suverenliyinin simvoludur. Belə ki, 12 noyabr 1995-ci il Azərbaycan xalqının taleyində yeni bir fəslin başlanğıcının qoyulduğu gündür. Həmin gün müstəqilliyini yenidən bərpa edən Azərbaycan qanunun aliliyinə, insan hüquqlarına və demokratik dəyərlərə əsaslanan müasir dövlətqurma idarəsini dünyaya bəyan edib.
Bu böyük tarixi addımın memarı da Azərbaycanın Ümumilli Lideri Heydər Əliyev olub. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ədalət, inkişaf, təhlükəsizlik və milli birlik prinsipləri ilə daha da güclənib. Müasir Azərbaycan güclü ordusu, müstəqil siyasəti və ədalətə əsaslanan hüquq sistemi ilə öz regionunda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib. Bu gün biz Qarabağ qələbəsi ilə taclanan bir dövrdəyik. Belə ki, Azərbaycan xalqı 44 Günlük Vətən Müharibəsi və 23 saatlıq antiterror əməliyyatı ilə yalnız öz torpaqlarını deyil, həm də konstitusional quruluşunu, suverenliyini bərpa edib”.
***
Tədbirdə Qlobal Tolerantlıq və Sülh Şurası Prezidenti Əhməd Əlcarvan da çıxış edib: “Bu tarixi yubiley təkcə xalqınızın müasir tarixində mühüm hadisə deyil, həm də böyük bir addım və irəliləyişdir. Konstitusiya ədalətin, tolerantlığın bələdçi işığı rolunu oynayır.
Qlobal Tolerantlıq və Sülh Şurası Azərbaycanı dinc yaşamaq dəyərlərinə görə yüksək şəkildə qiymətləndirir və hörmətlərini bildirir. Azərbaycan Milli Məclisi ilə tərəfdaşlığımız böyük qürur mənbəyidir. Biz parlamentlər və millətlər arasında sülh ənənəsini yaymaq üçün çalışırıq. Bu əlamətdar hadisədə biz Milli Məclis və bütün sülhsevər Azərbaycan təsisatları ilə əməkdaşlığın dərinləşməsinə və güclənməsinə doğru şövqlü addımlar atacağımızı bildiririk. Qoy Azərbaycan onun müdrik rəhbərliyi altında uğur qazanmağa davam etsin. Bizim əməkdaşlığımız əbədi olsun, xalqımıza və bəşəriyyətə xidmətləri davam etdirsin”.
Nuranə Daxilqızı


