Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.18.2026 | 16:26 | Baxılıb: 1216
BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 24 illik tarixinin ən çətin dövrlərindən birini yaşayır. Buna səbəb ABŞ dövlət katibi Marko Rubionun iyulun 13-də məhkəməni ABŞ vətəndaşlarına qarşı hüquqi müharibə aparmaqda ittiham etməsi və Vaşinqtonun zərurət yaranacağı təqdirdə “BCM-i kərpic-kərpic sökəcəyini” bəyan etməsidir.

“gece.ws” “Report”a istinadən xəbər verir ki, bu barədə “Liberium” portalında dərc edilmiş məqalədə bildirilib.

Bununla əlaqədar olaraq, məqalədə BCM-nin sabiq prokuroru Luis Okamponun fəaliyyətinə xüsusi diqqət yetirilir.

Məqalədə qeyd olunub ki, qərəzsiz ədalət mühakiməsini təmin etmək vədi əsasında yaradılmış bir qurum olan BCM öz 24 illik tarixinin ən çətin dövrünü yaşayır.

“Bu fonda, məhkəmənin vaxtilə baş prokuroru olmuş Luis Moreno Okamponun işi indiyədək ona yetiriləndən daha çox diqqətə layiqdir. Söhbət BCM-nin tənqidindən deyil, zəifləmiş bir qurumun səlahiyyətləri şəxsi istifadə üçün əlçatan olduqda nələrin baş verdiyinə dair xəbərdarlıqdan gedir”, - müəllif yazıb.

O xatırladıb ki, Okampo 2003-2012-ci illərdə Prokurorluq Ofisinə rəhbərlik edib. Onun bu vəzifədə fəaliyyəti əsasən uğursuz işlərlə yadda qalıb, aparılan yoxlamalar isə prokuror fəaliyyətində çatışmazlıqları üzə çıxarıb.

Məqalədə həmçinin ABŞ Xarici Siyasət Şurasının nümayəndəsi İlan Bermanın “Newsweek”də dərc olunan son yazısına istinad edilir. Orada o qeyd edib ki, Okampo vəzifədə olduğu müddətdə tənqidlərə məruz qalıb və BCM-dən getdikdən sonra da mübahisələr yaratmağa davam edib. Həmçinin, nümunə kimi onun Ermənistan və Azərbaycan arasındakı münaqişəyə mübahisəli müdaxiləsi göstərilirdi.

Materialda həm də Okamponun vəzifədən getdikdən sonrakı maliyyə fəaliyyəti xatırladılır. Xüsusilə, “European Investigative Collaborations” və “Der Spiegel”in araşdırmasının nəticələri qeyd olunur. Bu araşdırmalar müəyyən edib ki, o, baş prokuror kimi çalışdığı dövrdə və BCM-dən getdikdən sonra Panamada və Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor strukturları idarə edib. Bundan əlavə, vəzifədən getdikdən qısa müddət sonra İsveçrə hesabları vasitəsilə ona on minlərlə dollar köçürülüb.

Daha sonra Okampo, məhkəməsiz edamlarda ittiham olunan general Xəlifə Haftarın silahlı birləşmələrini maliyyələşdirən Liviya neft maqnatı Həsən Tatanki ilə məsləhət müqaviləsi bağlayıb, hansı ki, 3 milyon dollar və hər iş günü üçün əlavə 5 min dollar dəyərində qiymətləndirilirdi.

Məqalədə deyilir: “Bu razılaşma haqqında suallara cavab verən Okampo, Haaqadakı maaşının kifayət etmədiyini bildirmişdi”.

Müəllif qeyd edib ki, Okampo məhz BCM-nin keçmiş baş prokurorunun öz peşəkar əlaqələrindən və nüfuzundan kommersiya məqsədilə istifadə etməsi ilə bağlı bu tarixçənin fonunda sonradan Qarabağ prosesinə cəlb olunub.

Materialda bildirilib ki, bu hekayə 2023-cü ilin avqustunda, Okamponun Azərbaycanın Qarabağ regionundakı erməni separatçı qüvvələrinin nümayəndələrindən və Ermənistanla əlaqəli digər şəxslərdən tapşırıq alması, daha sonra isə Azərbaycana qarşı ittihamlarla çıxış etməsi ilə başlayıb.

Okamponun özü sonradan sosial şəbəkələrdə etiraf edib ki, onun hazırladığı rəy Qarabağda hazırda ləğv edilmiş separatçı rejimin qondarma prezidenti tərəfindən sifariş edilib. Müəllif xatırladıb ki, bu qurum 1990-cı illərdə Ermənistanın dəstəyi ilə Azərbaycan ərazisində yaradılıb.

Bundan sonra Okampo Azərbaycanı regionun erməni əhalisinə qarşı ciddi pozuntular törətməkdə ittiham edib, o cümlədən “soyqırımı” ifadəsindən istifadə edib.

“Bu, yeganə bəyanat deyildi”, - müəllif qeyd edib.

Məqalədə göstərilib ki, sonrakı aylarda Okampo öz müsahibələrində, müəllif məqalələrində və ictimai çıxışlarında Bakının ünvanına analoji ittihamları dəfələrlə təkrarlayaraq, faktiki olaraq Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb.

Bununla belə, materialda qeyd olunub, 30 aprel 2026-cı ildə Azərbaycanın “Minval.az” portalı tərəfindən Okamponun iştirak etdiyi videogörüntülərin yayımlanmasından sonra bu hekayə yeni bir məcra aldı.

Bu videoyazılarda Okampo bildirib ki, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin sabiq rəhbəri Jozep Borrelin keçmiş köməkçisi indi Avropa Parlamentində “mənim üçün işləyir”. Okamponun sözlərinə görə, bu şəxs Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə təzyiq göstərməklə, eləcə də Aİ ilə Azərbaycan arasındakı enerji tərəfdaşlığının ləğvinə nail olmaq məqsədilə Avropa İttifaqı Məhkəməsində işin irəli sürülməsi ilə məşğuldur.

Bundan əlavə, onlarda Okamponun oğlu Tomasın bu şəbəkənin məqsədinin Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması olduğu barədə sözləri yer alır. Onun sözlərinə görə, bu, ABŞ-də Paşinyanın Azərbaycana münasibətdə sülh siyasətinə qarşı çıxan erməni lobbi təşkilatları ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir.

“Bu videoyazıların mənşəyi nə olursa olsun, onların məzmunu ümumiyyətlə yaranmamalı olan bir suala cavab verir: blankında nə qədər Haaqa reqaliyası olsa belə, ödənişli və koordinasiya edilmiş təsir kampaniyası hüquqi ekspertiza deyil”, - “Liberium” qeyd edir.

Bununla yanaşı, müəllif vurğulayıb ki, bəhs edilən hallar bütövlükdə beynəlxalq cinayət ədalət mühakiməsinin tənqidi kimi nəzərdən keçirilməməlidir. Onun sözlərinə görə, BCM-in əməkdaşlarının əksəriyyəti öz işini vicdanla yerinə yetirir və kütləvi cinayətlərdə günahkar olanların məsuliyyətə cəlb edilməsi zərurəti aktuallığını qoruyub saxlayır.

Həmçinin, məqalədə qeyd olunub ki, məhkəmənin keçmiş əməkdaşlarının, o cümlədən Okamponun peşəkar və siyasi dəyərini məhz BCM-in (Beynəlxalq Cinayət Məhkəməsi) nüfuzu müəyyən edir. Müəllif hesab edir ki, bu nüfuzun zəifləməsi ondan şəxsi maraqlar naminə istifadə olunması üçün imkanlar yaradır.

Müəllif həmçinin diqqəti ona yönəldib ki, BCM öz polisinə malik deyil və şübhəli şəxslərin həbsi məsələlərində iştirakçı dövlətlərdən asılıdır. Məqalədə deyilir ki, məhkəmənin tənqidçiləri iyirmi ildən artıq müddət ərzində BCM-in 15-dən az ittiham hökmü çıxardığına və təqsirləndirilən şəxslərin əksəriyyətinin Afrika ölkələrinin vətəndaşları olduğuna işarə edirlər.

Yekun hissədə müəllif BCM-ə səlahiyyət müddəti başa çatdıqdan sonra keçmiş prokuror və hakimlərin fəaliyyətini tənzimləyən əlavə qaydaları nəzərdən keçirməyi təklif edir ki, məhkəmədəki fəaliyyət nəticəsində qazanılmış nüfuzdan sonradan kommersiya və ya siyasi məqsədlər üçün istifadə oluna bilməsin.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.