Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 11:27 | Baxılıb: 3888
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb.

“gece.ws” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Bildirilib ki, audit nəticəsində AzTV QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib.

Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

***

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən “gece.ws”ya bildirilib ki, qonorar sistemindən tam imtina və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır:

“Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib. Əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar.

Düşünürük ki, qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sisteminin yaradılması məhsuldarlığa və işin keyfiyyətinə mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Bu arada, onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq, məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik”.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.