
“gece.ws” AZƏRTAC-a istinadən xəbər verir ki, bu şəhidimizi 33 il əvvəl Zaqatalanın Dağlı kəndində başqa adla - Məhərrəmov Qəhrəman Ramazan oğlu kimi dəfn ediblər.
Məhərrəmovlar ailəsi bütün bu illər ərzində həmin məzarı öz şəhidləri kimi ziyarət edib, hər əziz gündə dua ediblər.
Amma daxilən şübhələri də olub. Nəhayət, illər sonra aidiyyəti qurumlara müraciət olunub və DNT analizi nəticəsində dəfn edilən şəxsin itkin şəhid Lətif Şahhüseynov olduğu təsdiqlənib.
AZƏRTAC-ınəməkdaşı Zaqatalanın Dağlı kəndində Məhərrəmovlar ailəsi ilə görüşüb, qəbirüstü ziyarətdə iştirak edib və hadisənin təfərrüatı ilə maraqlanıb.
“Bütün bu həqiqət oğlum Şahinin israrlı xahişləri sayəsində üzə çıxdı”, - deyə söhbətə başlayan şəhid Qəhrəman Məhərrəmovun həyat yoldaşı Xanım Məhərrəmova bildirir.
“Biz Qəhrəmanla 1991-ci ilin sentyabrında ailə qurduq. Toydan bir neçə ay sonra o, Vətəni qorumağa getdi. Kənddən 9 nəfər döyüşə yola düşmüşdü, hamısı qayıtdı, Qəhrəmandan başqa. Oğlum Şahin o şəhid olandan sonra dünyaya gəldi. İndi iki nəvəm var, onlardan biri itkin babasının adını daşıyır”, - deyə Xanım Məhərrəmova danışır.
Onun sözlərinə görə, xəbər gəlməyəndə Qəhrəmanın atası Ramazan kişi aylarla Füzuli istiqamətində oğlunu axtarıb, hər qapını döyüb. Lakin heç bir məlumat tapılmayıb. O, dəfndən keçən illər ərzində məzarın həqiqətən kimə məxsus olmasına dair qayınatasının şübhələrini də unutmayıb: “Hər dəfə qəbir üstünə gələndə pıçıldayırdım: “Bu, sənsənmi, yoxsa başqası?”
Şəhidin oğlu Şahin də qəbir üstündə duyğularını gizlədə bilmir: “Dəfndən bir həftə sonra dünyaya gəlmişəm. Atasızlıq çətindir. Amma şəhid övladı olmaq qürurdur”.
Şahin illər sonra ailə üzvlərindən, xüsusən Rusiyada yaşayan əmilərindən DNT testinə razılıq almağa nail olur. Nəticələrdən sonra məlum olur ki, Məhərrəmovlar ailəsinin 33 il ziyarət etdiyi məzar başqa bir şəhid - Lətif Şahhüseynova məxsusdur.
“Bunu biləndə sanki ikinci dəfə atasız qaldım. Amma ən azı şübhələr bitdi. Başqa bir ailənin sevincinə də şərik olduq. Demək ki, biz də öz gerçəyimizə bir addım yaxınlaşdıq”, - deyə Şahin vurğulayır.
Ailə nə qədər ağır olsa da, qərarın onlara yüngüllük gətirdiyini deyir.
Məhərrəmovlar ailəsi inanır ki, itkin düşmüş bütün igidlərimizin taleyi aydınlaşacaq: “Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gəldi. İnşallah, itkin şəhidlərimizin də hamısının nəşi tapılacaq və ailələrinə qovuşacaq”.
