
Məqalənin ilk metodoloji qüsuru Qarabağ münaqişəsinin səbəbinin nəzərə alınmamasıdır. Matyö Lemuan Ermənistanın köhnə təhlükəsizlik modelinin böhranını Rusiya ilə bağlamağa çalışır. Halbuki Ermənistanın işğalçılıq siyasətinin iflasının əsas səbəbi beynəlxalq hüquqla ziddiyyət təşkil etməsi idi. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə öz təhlükəsizlik modelini beynəlxalq hüquqa zidd status-kvo üzərində qurmuşdu. Belə bir modelin davamlı ola bilməyəcəyi əvvəlcədən məlum idi. Bu status-kvonu dağıdan isə məhz öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan oldu.
Müəllifin "Dağlıq Qarabağın itirilməsi" ifadəsi bu müstəvidə hüquqi baxımdan olduqca yanlışdır. Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunu BMT başda olmaqla bütün beynəlxalq ictimaiyyət qəbul edib. Ermənistan özü də Qarabağı heç vaxt milli ərazisi kimi tanımayıb. Belə olan halda "itirilmə" ifadəsinin işlədilməsi hüquqi deyil, siyasi narrativdir. Qarabağ nə zaman Ermənistana məxsus olub ki, İrəvan onu hələ bir itirə də?!.
Matyö Lemuan Rusiyanı Ermənistanı qorumamaqda, hətta 2020-ci il müharibəsində Azərbaycanın hərbi əməliyyatlarını dayandırmamaqda ittiham edir. Bu yanaşma həm hüquqi, həm də siyasi baxımdan reallığı əks etdirmir. 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri isə yalnız üzv dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum edildiyi halda qüvvəyə minə bilərdi. Qarabağ Ermənistan ərazisi olmadığı üçün Rusiyanın müharibəyə qoşulmaması KTMT-nin hüquqi mexanizmlərinə uyğun idi. Müəllif isə bu hüquqi reallığı görməzdən gələrək dolayısı ilə Azərbaycanın suveren hüququnu şübhə altına almağa çalışır.
Məqalənin digər ciddi problemi Ermənistanın məsuliyyətinin arxa plana keçirilməsidir. Yazıda sanki Ermənistan xarici güclərin qurbanı kimi təqdim edilir. Müəllif qətiyyyən xatırlatmır ki, məhz Ermənistan uzun illər sülh danışıqlarını dalana salmış, işğal siyasətini davam etdirmiş, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından didərgin düşməsinə səbəb olmuş, işğal altındakı şəhər və kəndləri dağıtmış, əraziləri minalarla çirkləndirmişdi. Ermənistanın regionda üzləşdiyi siyasi və kommunikasiya problemlərinin mühüm hissəsi məhz bu siyasətin nəticəsidir.
Müəllif Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olmasını sadəcə coğrafi problem kimi təqdim edir, lakin bunun səbəblərini izah etmir. Türkiyə sərhədi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra bağlamışdı. Bu gün İrəvanın irəli sürdüyü "Sülh qovşağı" təşəbbüsü də yeni və ya innovativ layihə deyil. Regional kommunikasiyaların açılması prinsipi artıq 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda əksini tapmışdı və Ermənistan həmin sənəd üzrə konkret öhdəliklər götürmüşdü. Buna görə də "Sülh qovşağı" daha çox gecikmiş uyğunlaşma cəhdidir, yeni geosiyasi konsepsiya deyil.
Matyö Lemuan Azərbaycanın Cənubi Qafqazdakı real rolunu da kifayət qədər qiymətləndirmir. Halbuki regionun enerji və nəqliyyat xəritəsi artıq böyük ölçüdə Azərbaycanın təşəbbüsü ilə formalaşıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Cənubi Qafqazın iqtisadi inteqrasiyasının əsas sütunlarıdır. Bu infrastruktur nəzərə alınmadan regionun gələcəyi barədə istənilən konsepsiya natamam qalacaq.
Müəllif Avropa İttifaqının imkanlarını da olduğundan artıq qiymətləndirir. Ermənistanın Avropaya yaxınlaşmaq cəhdləri onun suveren seçimidir. Lakin Avropa İttifaqı təhlükəsizlik ittifaqı, Ermənistan isə NATO üzvü deyil. Belə olan halda Cənubi Qafqazı yalnız Avropa-Rusiya rəqabəti çərçivəsində izah etməyə çalışmaq metodoloji problemdir. Halbuki regionun geosiyasəti bundan qat-qat mürəkkəbdir. Burada Azərbaycanın enerji və logistika mərkəzi kimi rolu, Türkiyənin regional çəkisi, İranın maraqları, Gürcüstanın tranzit funksiyası da nəzərə alınmalıdır. Bu reallıqlar fonunda Ermənistanın gələcəyini yalnız Avropaya inteqrasiya prizmasından izah etmək analitik baxımdan natamam yanaşmadır.
Ermənistanın Avropaya, Rusiyaya və ya başqa hər hansı siyasi mərkəzə yaxınlaşması onun öz işidir. Lakin hansı geosiyasi istiqaməti seçməsindən asılı olmayaraq, Ermənistanın uzunmüddətli inkişafı və təhlükəsizliyi ilk növbədə öz qonşuları ilə beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasından asılı olacaq. Fransa Ermənistanı Avropaya yaxınlaşdırmaq istəyirsə, ilk növbədə onu regiona yaxınlaşdırmalıdır. Çünki Cənubi Qafqazda davamlı sülh və sabitliyin açarı nə Brüsseldə, nə Moskvada, nə də Parisdədir. Bakı ilə İrəvan arasında beynəlxalq hüquqa söykənən münasibətlərin qurulmasındadır.
Taleh Şahsuvarlı