
“gece.ws” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
Məlumata görə, bu gün səhər saatlarında Türkiyə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan mütəşəkkil cinayətkar qruplaşmaların yüksəksəviyyəli üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Bildirilib ki, “Orkinos Bulut-2” adlı əməliyyat ümumilikdə 22 şəhərdə həyata keçirilib: “Əməliyyat öncəsi Azərbaycan, Niderland, İran, Estoniya, Sloveniya, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstanın polis qurumları ilə məlumat və sənəd mübadiləsi aparılıb”.
A.Yerlikaya bu əməliyyat çərçivəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan 5 müxtəlif beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın olduğunu vurğulayıb.