
“gece.ws” xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
Azər Badamov bildirib ki, kirayə verilən mənzillərdən əldə olunan gəlirlərin vergiyə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmuş məsələdir:
“Yeni dəyişikliklərdə isə fiziki şəxslərin mənzil kirayə verməsindən əldə olunan gəlirlərin optimallaşdırılması nəzərdə tutulur. Belə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir. Bu isə fiziki şəxslərin daha az ödəniş etməsi deməkdir”.
Deputatın fikrincə, cəmiyyətdə bununla bağlı yaranmış narahatlıq bizim vergi ödəmək təcrübəsinə malik olmamağımızdan irəli gəlir:
“Lakin biz unutmamalıyıq ki, ödədiyimiz vergilər ölkədə sosial-iqtisadi siyasətin daha uğurla həyata keçirilməsinə imkan yaradır. Nəzərə almalıyıq ki, neft-qaz resursları əbədi deyil. O cümlədən son illər neft hasilatında azalmaların baş verdiyinə də diqqət etməliyik. Neftin qlobal bazarlarda qiymətləri də sabit deyil. Bu baxımdan ölkənin dövlət büdcəsinin qeyri-neft sektoru üzərində inkişaf etdirilməsinin prioritet olduğunu anlamalıyıq”.
Azər Badamov qeyd edib ki, Vergi Məcəlləsinə təklif olunmuş digər dəyişikliklər vergi dərəcələrinin optimallaşdırılmasına və sahibkarlıq subyektlərin fəaliyyətinin şəffaflaşmasına dəstək kimi qiymətləndirilməlidir: “2016-cı ildən sonra malların qiymətlərinin, xidmətlərin, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limit həddi 12 ayın istənilən dövrü üçün 200 min manat olaraq qalmaqda idi. İndi isə bu limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur ki, bu da kiçik və orta sahibkarlıq subyektlərini vergidən yayınmaqdan çəkindirməyə və şəffaflığın artmasına xidmət edəcək.
Digər məsələ ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində 2026-cı ilin 1 yanvarından 3 il müddətinə ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız dövriyyəsinin 50%-nin ƏDV tutulan ümumi dövriyyədən çıxılması, sadələşdirilmiş vergi dərəcəsinin isə 8%-dən 6%-ə endirilməsi ilə bağlıdır. Təbii ki, bu dəyişikliklərin məqsədi sahibkarlığın inkişafına dəstək və iqtisadiyyatın şəffaflaşdırılmasının stimullaşdırılmasıdır”.