Son xəbərlər
Son xəbərlər

"Bugünkü proseslər Ermənistanın daxili siyasi çəkişməsi olmaqla yanaşı, region üçün də təhlükə yaradır" - DEPUTAT

"Bugünkü proseslər Ermənistanın daxili siyasi çəkişməsi olmaqla yanaşı, region üçün də təhlükə yaradır" - DEPUTAT"Son günlər Ermənistanda baş verən hadisələr göstərir ki, ölkə ciddi siyasi-ictimai və ideoloji parçalanma mərhələsinə qədəm qoyub. Bu prosesin mərkəzində isə dini təsisat adı altında fəaliyyət göstərən, lakin əslində siyasi ambisiyalarla hərəkət edən Erməni Apostol Kilsəsi dayanır. Ənənəvi olaraq dini qurum statusu daşısa da, bu kilsə həm ideoloji, həm siyasi gücə malikdir və Ermənistanda hakimiyyət uğrunda mübarizədə vasitəyə çevrilmişdir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, keçmiş prezidentlər Koçaryan və Sarkisyan, uzun illər Ermənistanda hakimiyyəti əlində saxlamış, lakin korrupsiya və öz maraqlarına xidmət etmələri səbəbilə ictimai etimadı itirmiş şəxslərdir:

"Bu gün onlar öz mövqelərini bərpa etmək üçün dini rıçaqlara – yəni kilsəyə arxalanmağa çalışırlar. Paşinyanı devirmək məqsədilə artıq kilsə vasitəsilə ictimai fikrə təsir etməyə cəhd edirlər. Bu baxımdan, bu şəxslərin, xüsusilə də, 1-ci prezident Levon Ter-Petrosyanın yaxın zamanda Qaregin II və digər kilsə liderləri ilə təmasda olması Paşinyanı ciddi şəkildə narahat etmişdir.

Tarixi gerçəklik göstərir ki, erməni kilsəsi həmişə xarici güclərin təsirində və maliyyə dəstəyində olub. Çar Rusiyası dövründən bəri regionda təxribatların legitimləşdiricisi kimi çıxış edib, Qarabağdakı və digər ərazilərdə təcavüzkar siyasətin ideoloji dayağı olub. 1905–1906 və 1918–1920-ci illərdə müsəlman əhaliyə qarşı törədilən qətliamların arxasında da kilsənin rolu danılmazdır".

Deputat vurğulayıb ki, bugünkü proseslər Ermənistanın daxili siyasi çəkişməsi olmaqla yanaşı, region üçün də təhlükə yaradır:

"Paşinyan bu hadisələri "dövlət çevrilişinə cəhd", "zorakı aksiyaların təşkili və hüquqi pozuntular" kimi qiymətləndirərək hüquqi tədbirlər görməsi ilə izah edir. Rəsmi İrəvanın bu yanaşması texniki baxımdan hüquqi əsaslara söykənsə də, cəmiyyətdə daha dərin parçalanmaya səbəb olur. Kilsənin cəmiyyətin geniş təbəqələrində hələ də təsiri mövcuddur və bu, gələcəkdə daha kəskin toqquşmaların əsasını qoya bilər.

Diqqətçəkən məqamlardan biri də odur ki, Paşinyan özü də "demokratiya" və "islahatçı lider" obrazı ilə Qərb tərəfindən təqdim edilsə də, siyasi rəqibləri neytrallaşdırmaq üçün o, sərt və qeyri-demokratik metodlara əl atır. Maraqlıdır ki, beynəlxalq hüquq və insan haqları institutları — Avropa Şurası, ATƏT, Avropa Parlamenti və digər Qərb qurumları — Ermənistanda baş verən bu antidemokratik proseslərə tam susqun mövqe nümayiş etdirir.
Bu, bir daha sübut edir ki, Qərbin "insan hüquqları və demokratiya" şüarları yalnız seçilmiş ölkələrə təzyiq aləti kimi istifadə olunur. Ermənistan isə geosiyasi maraqlar baxımından onların "toxunulmaz zonasındadır".
Hazırki proseslərə əsasən Ermənistanda seçkilər yaxınlaşdıqca Paşinyanın sərt addımlarının daha da artacağını proqnozlaşdırmaq olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 397   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife