Biləsuvar rayonunda baş verən və beş nəfərin həlak olduğu dəhşətli qəzanın təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə gecə saat 2 radələrində rayonun Zəhmətabad kəndi ərazisində baş verib.
Belə ki, qəza zamanı sürücü, rayon sakini, 2003-cü il təvəllüdlü Vasif Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili Cənubi Muğan su kanalına düşüb. Hadisə yerinə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Onların köməkliyi ilə avtomobildə olan 5 nəfər sudan çıxarılıb.
Avtomobildə olan bir nəfərin yaşadığı məlum olub və o, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin şəxs də vəfat edib.
Qəza nəticəsində sürücü ilə yanaşı onun bütün sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.
Məlumata görə, avtomobildə olan yaxın qohumlar və dostlar olub. Onlar Biləsuvar rayonunun Bəydili kəndinə gedirmişlər. Hadisə də bu zaman baş verib.
Qəzada ölənlərdən Vasif və Rusifin qardaş, İldırımın onların əmioğlusu, digərlərinin isə dostları olduğu bildirilir.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Qəza nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
11:18
Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində sürücü, 2003-cü il təvəllüdlü Vasif Həsənli və onun sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
11:12
Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, V.Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb.
Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Faktla bağlı araşdırma aparılır.
09:56
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Lexus" markalı minik avtomobili kanala aşıb. Nəticədə avtomobildə olan 5 nəfərin suda boğularaq dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegramda izləyin