2026 FIFA Dünya Kubokunda İspaniya və Argentina arasında keçiriləcək final qarşılaşması fasilə şousundan tutmuş çempionluq üzüyünə, tarixi rəqabətlərdən qırılacaq rekordlara qədər bir çox ilkə səhnə olacaq.
Qaynarinfo xəbər verir ki, sabah İspaniya və Argentina arasında oynanılacaq final matçı turnir tarixində bir sıra yeniliklərlə yadda qalacaq.
80 min tamaşaçı tutumuna malik Nyu-York Nyu-Cersi stadionunda keçiriləcək final qarşılaşmasının fasiləsində ilk dəfə Super Bowl tədbirlərində olduğu kimi xüsusi səhnə şousu təşkil ediləcək.
"Coldplay" qrupunun solisti Kris Martinin kuratorluğunu etdiyi şouda Castin Biber, Şakira, Burna Boy, "BTS", Madonna və venesuelalı orkestr dirijoru Qustavo Dudamel kimi məşhur sənətçilər çıxış edəcəklər.
FIFA-nın "dünya üzrə uşaqlara keyfiyyətli təhsil və futbol imkanlarına çıxış təmin etmək" məqsədilə 100 milyon dollar toplamağı hədəflədiyi bu şou onun müddəti ilə bağlı müzakirələrə səbəb olub.
FIFA daha əvvəl fasilə çıxışının 11 dəqiqə davam edəcəyini açıqlasa da, ümumi müddətin 20 dəqiqəni keçəcəyi gözlənilir.
Ötən il də Nyu-York Nyu-Cersi stadionunun ev sahibliyi etdiyi Klublararası Dünya Kubokunun finalında fasilə şousu təxminən 10 dəqiqə davam etmiş, lakin ümumi fasilə müddəti 24 dəqiqəni aşmışdı.
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qaydalarına əsasən isə fasilə 15 dəqiqədən çox olmamalıdır. Qaydalar kitabında bu müddətin "yalnız hakimin icazəsi ilə dəyişdirilə biləcəyi" qeyd olunur.
Telegramda izləyin