Son xəbərlər
Son xəbərlər

"Azərbaycanı hədəfə alan informasiya kampaniyalarına qarşı faktlarla cavab verilməlidir" - Deputat

"Azərbaycanı hədəfə alan informasiya kampaniyalarına qarşı faktlarla cavab verilməlidir" - Deputat"Son dövrlərdə bəzi beynəlxalq media qurumlarının Azərbaycanla bağlı yaydığı materiallarda ciddi suallar doğuran məqamlar müşahidə olunur. Xüsusilə CNN-in 5 iyun 2026-cı il tarixli materialında Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat məqsədləri üçün istifadə edilməsi barədə iddiaların yer alması qəbuledilməz informasiya yanaşmasıdır".

Bunu Sonxeberə.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dövləti dəfələrlə ölkə ərazisinin hər hansı üçüncü dövlət tərəfindən başqa dövlətə qarşı hərbi, kəşfiyyat və ya digər düşmənçilik məqsədləri ilə istifadəsinə yol vermədiyini bəyan edib:

Azərbaycan tərəfi CNN-in materialında irəli sürülən iddiaları əsassız hesab etdiyini açıqlayıb".

Deputatın sözlərinə görə, beynəlxalq media qurumlarının əsas vəzifəsi sensasiya yaratmaq deyil, cəmiyyətə yoxlanılmış və balanslı informasiya təqdim etməkdir:

"CNN kimi dünyanın aparıcı media qurumlarından birinin anonim mənbələrə əsaslanan və Azərbaycan tərəfindən açıq şəkildə təkzib edilən ciddi iddiaları yayması böyük məsuliyyət tələb edir. Azərbaycan tərəfi materialın dərcindən əvvəl də öz mövqeyini bildirib. Sonradan isə həmin məlumatların geri götürülməsi və düzəliş edilməsi tələb olunub. Buna baxmayaraq, məsələ ilə bağlı nəticənin əldə olunmaması haqlı suallar doğurur".

Deputat qeyd edib ki, bu məsələ yalnız Azərbaycan-CNN münasibətləri çərçivəsində qiymətləndirilməməlidir. Söhbət beynəlxalq media standartlarından və jurnalistikanın məsuliyyətindən gedir.
"Azərbaycan haqqında yazan istənilən xarici media qurumu bilməlidir ki, ölkəmizin mövqeyi dəqiq və obyektiv şəkildə təqdim edilməlidir. Dövlətin beynəlxalq nüfuzuna xələl gətirə biləcək ciddi iddialar yalnız anonim mənbələrin söylədikləri ilə deyil, konkret fakt və sübutlarla əsaslandırılmalıdır. Əks halda informasiya ilə manipulyasiya arasında təhlükəli sərhəd yaranır".

Deputat BBC-nin Azərbaycanla bağlı materiallarına münasibətdə də eyni prinsipin tətbiq edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq media qurumlarının fəaliyyətinə münasibət emosiyalar üzərindən deyil, konkret materialların məzmunu, mənbələri və faktoloji əsasları üzərindən formalaşdırılmalıdır.

"BBC və CNN kimi qlobal auditoriyaya malik media platformalarının yaydığı hər bir məlumatın təsir gücü böyükdür. Ona görə də belə qurumların Azərbaycan haqqında hazırladığı materiallarda obyektivlik, balans və faktların yoxlanılması xüsusilə vacibdir. Tənqid başqa məsələdir, təsdiqlənməmiş ittihamların fakt kimi təqdim olunması isə tamam başqa məsələdir".

Deputat hesab edir ki, Azərbaycan informasiya məkanında öz mövqeyini daha fəal və peşəkar şəkildə müdafiə etməlidir:

"Biz beynəlxalq medianın tənqidindən qorxmamalıyıq. Əksinə, obyektiv və əsaslandırılmış tənqiddən nəticə çıxarmaq mümkündür. Amma ölkəmizə qarşı həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda buna da susmaq olmaz. Ən düzgün cavab faktlar, hüquqi mexanizmlər və peşəkar informasiya siyasətidir".

O, bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun qorunması yalnız diplomatik müstəvidə deyil, informasiya müstəvisində də mühüm əhəmiyyət daşıyır:

"Bu gün informasiya savaşı dövlətlərarası münasibətlərin mühüm elementlərindən birinə çevrilib. Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmalı, ölkə haqqında yayılan yanlış məlumatlara operativ və faktlarla əsaslandırılmış cavab verməlidir. Bizim ən güclü silahımız emosional ittihamlar deyil, həqiqət, fakt və hüquqdur".

Deputatın fikrincə, Azərbaycanı hədəfə alan istənilən informasiya kampaniyasına qarşı ən effektiv mübarizə ölkənin əldə etdiyi siyasi, iqtisadi, diplomatik və sosial nəticələrin beynəlxalq auditoriyaya düzgün təqdim edilməsidir.

"Azərbaycan artıq regional proseslərin passiv müşahidəçisi deyil, mühüm aktorlarından biridir. Ölkəmizin artan beynəlxalq nüfuzu müəyyən dairələrdə narahatlıq yarada bilər. Buna görə də informasiya müstəvisində müxtəlif cəhdlərin olması mümkündür. Lakin Azərbaycan dövləti öz siyasətini şantaj və qarayaxma kampaniyaları ilə deyil, beynəlxalq hüquq, milli maraqlar və faktlar əsasında həyata keçirir. Eyni prinsip media fəaliyyətinə də şamil olunmalıdır".

Deputat vurğulayıb ki, Azərbaycanla bağlı material hazırlayan beynəlxalq media qurumları ölkənin mövqeyini dəqiq və tam təqdim etməli, ciddi iddiaları yoxlanılmış faktlarla əsaslandırmalı və jurnalistikanın peşəkar prinsiplərinə sadiq qalmalıdır.

"Azərbaycanın haqq səsini boğmaq mümkün deyil. Həqiqət gec-tez öz sözünü deyir. Bizim vəzifəmiz isə həmin həqiqəti faktlarla, peşəkarlıqla və hüquqi müstəvidə dünya ictimaiyyətinə çatdırmaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 153   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife