Son dövrlər bəzi beynəlxalq media qurumlarının Azərbaycanla bağlı təqdim etdiyi materiallarda obyektivlik, balans və faktlara hörmət prinsiplərinin ciddi şəkildə pozulması narahatlıq doğurur. Xüsusilə BBC və CNN kimi qlobal auditoriyaya malik media qurumlarının Azərbaycanla bağlı birtərəfli və qərəzli yanaşmaları qəbuledilməzdir.
Media azadlığı heç bir halda həqiqəti təhrif etmək, təsdiqlənməmiş iddiaları fakt kimi təqdim etmək və bütöv bir ölkənin nüfuzuna kölgə salmaq hüququ vermir. Jurnalistikanın əsas prinsipi sadədir: iddia varsa, onun qarşı tərəfin mövqeyi də dinlənilməli, faktlar yoxlanılmalı və material ictimaiyyətə obyektiv şəkildə təqdim edilməlidir.
Azərbaycan heç bir media qurumunun siyasi və ya ideoloji kampaniyasının hədəfinə çevrilməyə razı deyil. Ölkəmiz beynəlxalq hüququn və milli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir və öz mövqeyini bütün beynəlxalq platformalarda açıq şəkildə müdafiə etmək imkanına malikdir.
Xüsusilə də Azərbaycan haqqında material hazırlayan xarici media qurumları ölkənin keçdiyi tarixi mərhələni, regionda yaranmış yeni reallıqları və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini nəzərə almalıdır. Hadisələri kontekstdən çıxarmaq, yalnız bir tərəfin mövqeyini təqdim etmək və bunun əsasında Azərbaycan haqqında mənfi ictimai rəy formalaşdırmağa çalışmaq peşəkar jurnalistika standartlarına uyğun deyil.
Biz xarici medianın tənqidinə qarşı deyilik. Əksinə, konstruktiv və faktlara əsaslanan tənqid istənilən demokratik cəmiyyət üçün faydalıdır. Lakin tənqid ilə qarayaxma arasında ciddi fərq var. Faktların təhrif olunması, manipulyativ başlıqlar və birtərəfli təqdimat tənqid deyil, ictimai rəyin yönləndirilməsi cəhdidir.
BBC və CNN kimi nüfuzlu media qurumlarının öz reputasiyalarını nəzərə alaraq bu məsələyə daha məsuliyyətlə yanaşması vacibdir. Çünki böyük auditoriyaya malik olmaq böyük məsuliyyət də yaradır. Bir ölkə haqqında yayılan yanlış və ya kontekstdən çıxarılmış məlumat milyonlarla insanın həmin ölkə barədə yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər.
Azərbaycan tərəfi belə yanaşmaları susqunluqla qarşılamamalıdır. Hər bir əsassız iddia faktlarla cavablandırılmalı, zəruri hallarda hüquqi və diplomatik mexanizmlərdən istifadə edilməlidir. Azərbaycan haqqında danışan hər bir media qurumu bilməlidir ki, ölkəmizin mövqeyi, hüquqları və milli maraqları var və bunların müdafiəsi üçün bütün qanuni imkanlardan istifadə olunacaq.
Artıq Azərbaycanı birtərəfli informasiya kampaniyaları ilə təzyiq altında saxlamağın mümkün olmadığını hər kəs anlamalıdır. Azərbaycan öz sözünü deyən, milli maraqlarını müdafiə edən və beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən dövlətdir.
Mesajımız açıqdır: Azərbaycanı qaralamaqla Azərbaycan haqqında həqiqəti dəyişmək mümkün deyil. Fakt varsa, ortaya qoyulsun. İddia varsa, sübut edilsin. Əks halda, bu cür materiallar jurnalistika deyil, ictimai rəyin manipulyasiyası kimi qiymətləndiriləcək.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Telegramda izləyin